Filippinin dövlət quruluşu
Filippinin dövlət quruluşu - 1987-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.
== Dövlət quruluşu ==
Məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1898) - 12 iyunda qeyd olunur. 11 fevral 1987-ci ildən qüvvədə olan ölkə Konstitusiyasına görə Filippinin idarəetmə sistemi Prezident hakimiyyətinin ABŞ modelinə uyğundur.
== İnzibati ərazi bölgüsü ==
Filippin 3 adalar qrupunda (Luson, Visay və Mindanao) birləşən 17 regiona (İlokos, Kaqayan, Mərkəzi Luson, Kalabarson, Mimaropa, Bikol, Kordilyer inzibati regionu, Qərbi Visayi, Mərkəzi Visayi, Şərqi Visayi, Zamboanqa yarımadası, Şimali Mindanao, Karaqa, Davao, Sokksksarxen və Müsəlman Mindanao regionu), 80 əyalətə, 1494 bələdiyyəyə, 140 şəhərə və 41995 baranqaya (məntəqə) bölünür .
== Dövlət başçısı ==
Prezident dövlətin və hökumətin başçısı, silahlı qüvvələrin ali baş komandanıdır. İcra hakimiyyətini həyata keçirən Nazirlər Kabinetinin üzvləri Təyinat Komissiyasının razılığı ilə ölkə Prezidenti tərəfindən təyin edilir. Dövlət başçısı və dövlətin idarəetməsində ona bilavasitə köməklik edən vitse-prezident azad, bərabər və gizli seçkilərdə ümumxalq səsverməsi yolu ilə 6 il müddətinə seçilirlər.
Prezident icra hakimiyyətinin bütün departament, büro və xidmətlərinin idarə edilməsində, habelə qanunların icrasının təmin olunmasında səlahiyyətlidir. Bundan əlavə, dövlət başçısı Konqresin əksər üzvlərinin razılığı ilə amnistiya aktını imzalaya və dövlətin səlahiyyətli nümayəndəsi olaraq Senatda
ratifikasiya olunan müqavilələri bağlaya bilər.